“Aşacağam zaman adlı sədləri…”
Son illər qloballaşan dünyada Azərbaycan ədəbiyyatının da özünəməxsus rolu, yeri, mövqeyi hiss olunmaqdadır. Dünya ədəbiyyatının dəyərli nümunələri ana dilimizə çevrilir, nəşr olunaraq oxucularımızın ixtiyarına verilir. Ölkəmizdə Prezident İlham Əliyevin məlum sərəncamlarıyla dövlət səviyyəsində 150 cildlik xarici ədəbiyyat kitabxanası silsiləsindən dünya bədii söz sənətində tanınan ən görkəmli yazarların dəyərli əsərləri kütləvi tirajla nəşr olunmaqdadır. Bundan əvvəl isə 2004-2009-cu illər ərzində də ölkə rəhbərinin məlum sərəncamları ilə dünya ədəbi-bədii söz sənətinin ən dəyərli nümunələri kütləvi tirajla, latın qrafikalı əlifbayla çap edilib və respublika kitabxanalarına paylanılıb.
Şairənin müxtəlif dillərdə şeirləri barədə düşüncələr…
Əlbəttə, xalqların, millətlərin, sivilizasiyaların, mədəniyyət və ədəbiyyatların inteqrasiyası çağında birtərəfli ədəbi-mədəni ünsiyyət deyil, qarşılıqlı münasibətlərin genişlənməsinə böyük ehtiyac duyulur. Bu baxımdan Azərbaycan ədəbiyyatçıları — şair, yazıçı və mütərcimləri də kulturoloji imkanlarını ortaya qoyur, müxtəlif formalarda, qlobal ədəbi-mədəni inteqrasiya proseslərində iştirak edirlər. İyirmidən artıq kitabın, dörd monoqrafiya və 120-dən çox elmi-publisistik məqalələrin müəllifi, tanınmış şairə, istedadlı nasir Firuzə Məmmədlinin bu yaxınlarda «Elm» nəşriyyatı tərəfindən nəşr olunmuş «Aşacağam zaman adlı sədləri» adlı yeni poetik toplusunun da Azərbaycan ədəbiyyatının təbliği baxımından maraqlı eksperiment kimi qəbul etmək olar.
Şairənin 21 mart Beynəlxalq Poeziya günü münasibətilə oxucuların ixtiyarına verdiyi bu yeni kitabında son illərin seçmə şeirləri Azərbaycan, türk, rus və ingiliscə — dörd dildə sənətsevərlərə təqdim olunur. Səyavuş Məmmədzadə və Dinarə Gərəkməzli (rusca), Sevil Gültən ilə Şauleh Vatanabadi (ingiliscə), eləcə də Ayişə Haqqıxlı kimi istedadlı mütərcimlər tərəfindən dünyanın aparıcı dillərinə çevrilmiş bu şeirlər çağdaş Azərbaycan qadın poeziyası barədə əcnəbi oxucularda müəyyən təsəvvürlər yaradır.
Ön söz və 29 şerin yer aldığı yeni poetik topludakı mövzular rəngarəng, forma müxtəlifdir. Onların hamısında əsl Azərbaycan şairəsinin duyğuları, hissləri, qəlb çırpıntıları duyulmaqdadır. Poeziyasevər oxucular burada sevgi, insanların qarşılıqlı hissləri, doğmalara qarşı mərhəmət, Vətən möcüzələri, təbiət gözəllikləri, cəmiyyətin problemləri, şəxsiyyətin özünəməxsus dünyası, fərdin düşüncələri, qadın aləmi və b. məsələlər barədə Firuzə Məmmədlinin poetik-fəlsəfi, lirik-psixoloji fikirləri ilə rastlaşır:
Bütün yaxşılıqlar
çay aşağı axırdı,
Orda isə
heç kim yox idi.
Kitaba daxil edilən şeirlər nə qədər millidirsə, bir o qədər çağdaş qlobal oxucunun duyğularına toxunan bəşəri motivlərə köklənib. Onları dörd dildə oxuyan oxucular poeziyanın sirli möcüzəsinə tuş gəlir. Maraqlıdır, görəsən İnternet əsrinin, virtual dünyanın az qala ruhunu əsir götürdüyü əcnəbi oxucuların qəlbini şairənin bu poetik pıçıltıları ovsunlaya bilərmi?!
Sən mənə
taxtının ucalığından bax,
mən isə
insanlığımın…
— problem bax, bundadır: çağdaş ədəbiyyatın, xüsusən poeziyanın qarşısında duran əsas məsələ də məhz budur.
Kolumbiyanın dünyaşöhrətli yazıçısı Qabriel Qarsiya Markes poetik əsərlərin başqa dillərə ustalıqla tərcüməsinin çox ağır olduğunu bildirir: «Əgər şeri binaya oxşatsaq, onda tərcümə sənətini beləcə izah etmək olar ki, o, ədəbi tikilini əvvəlcə dağıdırlar sonra isə başqa dildə yenidən qurur, yaradırlar»… Bu mənada Firuzə Məmmədlinin «Aşacağam zaman adlı sədləri» adlı poetik toplusundakı milli şeir texnologiyasına uyğun qələmə alınmış lirik-fəlsəfi nümunələri çağdaş dünyanın aparıcı ədəbiyyat-sənət dilləri sayılan türk, ingilis və ruscaya uğurla çevirmək çox çətin məsələ olduğunu nəzərdən qaçırmamaq şərtilə, kitabın uğurlu alınmasında bütün mütərcimlərin filoloji zəhmətini xüsusi vurğulamaq lazım gəlir.
Şairənin «Söz» adlı maraqlı şerindən bir hissənin müqayisəsini aparmaqla fikrimizi əsaslandırmağa çalışacağıq.
Çapdım sözün sahilinə,
Baxıb gördüm, dəryadı söz.
Fikrin, hissin, həyəcanın
Laylası söz, fəryadı söz.
— bəndinin türk variantı beləcə oxuculara çatdırılıb:
Geldim sözün sahiline,
Baktım gördüm deryadır söz.
Fikrin, hissin, heyecanın
Ninnisi söz, imdadı söz.
Mütərcimlərin poetik çevirməsində isə bu parça rusca belə alınıb.
Ya prişla na bereq slova,
Okazalos morem slova.
Veet pesney kalıbelnoy,
Radostyu i qorem — slova.
Firuzə Məmmədlinin bu ədəbi-poetik sınağı əslində, Azərbaycan ədəbiyyatının dünya oxucularına çatdırılması baxımından çox maraqlı bir kitab hadisəsi kimi də qəbul oluna bilər, eyni zamanda, mədəniyyətlərin — sivilizasiyaların dialoqu prosesinə verilmiş töhfə sayılmaqla yanaşı, həm də qarşılıqlı tərcümə sənətimizin yeni üfüqlərini genişləndirib. Fikrimizcə, bu uğurlu sənət-ədəbiyyat eksperimentini daha da genişləndirməklə Azərbaycan ədəbiyyatını dünya sənət çevrələrinə, ən əsası isə qlobal poeziyasevərlərəintensiv çatdırmaq çox vacib məsələlərdən biridir.
Aydın Xan (Əbilov), Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Kitabxana.net – Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq
«Ədəbiyyat qəzeti» 12 mart 2010-cu il tarixli sayı, N 10 (3709)
http://kitabxana.net/?oper=readNews&id=715