Bədii həqiqətin poetikası

Azərbaycan poeziyasının görkəmli nümayəndələri sırasında poeziyasının orijinallığı, bədii təfəkkürünün genişliyi ilə heyranlıq doğuran, məxsusi yaradıcılıq ovqatı ilə diqqət çəkən istedadlı şairələrdən biri Firuzə Məmmədlidir. O, təkrarsız və təravətli obrazları, fərdi ifadə tərzi, mənəvi-əxlaqi təsəvvürlərindən qaynaqlanan lirik-epik qənaətləri, həmçinin digər orijinal poetik məziyyətləri ilə çağdaş peziyamızın aparıcı simalarından birinə çevrilmişdir. Onun poetik düşüncələrinin fərdiliyi yaradıcılıq simasını müəyyənləşdirməklə yanaşı, əsərlərinin ideya -bədii, estetik dəyərini artırır. 

Bu mənada, qətiyyətlə demək olar ki, Firuzə Məmmədlinin poetik nümunələri Azərbaycan poeziyasını yeni ideyalarla, zamanın ruhuna uyğun yüksək qayəli mövzularla, vətəndaşlıq keyfiyyətləri ilə zənginləşdirən poeziyadır. Bu poeziya öz xalqını özünüdərklə, gücünü, qüdrətini duymağa, oyanışa, mənəvi yüksəlişə, vətənə, dövlətçiliyə sədaqətə, yurdun hər qarış torpağı üçün mücadiləyə və vətənin bütövlüyü uğrunda şərəfli döyüşə səsləyir. Onun şeirlərində tarixi haqsızlıqlara, riyakar, ikiüzlü siyasətə, cəmiyyətdəki ədalətsizliklərə qarşı bir barışmazlıq ovqatı yaşanır.

«İntiqamı sərt olacaq o günün» şerində bu barışmazlıq mövqeyi üsyankar bir ovqatı ehtiva edir.

Arıdacaq günahları haqq özü,

Öz rənginə boyanacaq ağ, qara.

Tükənəcək siyasətin saqqızı,

Boylanacaq kaspilərə, saqlara.

Şair özünəməxsusluğunun yetkitnləşməsi lirik «mən»in də yetkinləşməsinə, onun fəaliyyət sərhədlərinin lirik və epik müstəvidə daha da genişlənməsinə rəvac verir. Şeirdə tarixi haqsızlıqlara münasibət vətənpərvərlik zəminində daha ehtiraslı boyalarla, obrazlı təfəkkürün məxsusi, özəl cizgiləri ilə təqdim olunur.

Söküləcək Qarabağın dağları,

Hər qatından alp ərənlər qopacaq.

Dəxil düşmüş iskit, qıpçaq, saqların

Nərəsindən dağ dələnlər qopacaq.

Daha sonra lirik «mən»in ruhunda yurdun bütövlük himni səslənir. Tarixin yaddaşı diksinir.

Silkinəcək Dərbənd, Göyçə, Borçalı,

Üst -başından yabançını çırpacaq.

Ay-ulduzlu bayrağımız ucalıb

Göylərindən talançını çırpacaq.

Zamanın təlatümləri, azadlıq mücadiləsinin kəskinliyi şairin yeni ifadə tərzində, obrazların rəngarəngliyində, mövzuya uyğun formanın əlvanlığında, fərdi duyumun poetik detallarında gerçəkləşir. Bu şerin ruhuna üsyankar, lakin ritorikadan uzaq, səmimi bir pafos hakimdir. Şairin poetik qüdrəti ictimai həyatın bütün sahələrinə nüfuz edərək bədii ümumiləşdirmədə, poetik obyektin dəyərləndirilməsində, obrazlarla təsvirində canlı müşahidələrə, predmetə yaradıcı müdaxiləyə əsaslanır. Onun poeziyasında naturalist təsvirə rast gəlmək mümkün deyil.

Firuzə Məmmədlinin üslubu özünəməxsusluğu və yaradıcılıq fərdiliyi yetkinlik mərhələsinə çatandan sonra da həmişə inkişafda, yeni keyfiyyətlər kəsb edərək formalaşmaqdadır. Təkamül və inkişaf böyük istedadın mahiyyətindən doğan prosesdir. Bu mənada Firuzə Məmmədlinin fərdi üslub baxımından yaradıcılıq axtarışları əyaniləşən poetik zərurətdir. Bu bədii axtarışların yeni-yeni obraz, metafora, epitet və digər uslubi vasitələrin üzə çıxması ilə sonuclanması, həmçinin mövzu və forma dolğunluğu ilə diqqət çəkməsi təqdir olunasıdır. Şairin ənənəvi şeir formalarında qələmə aldığı poetik nümunələri ilə yanaşı, sərbəst və hecayla sərbəstin sintezi olan qarışıq vəznlərdə yazdığı şeirləri də məhz orijinallığı, modernizmi, məzmun və forma yeniliyi ilə diqqəti cəlb edir. firuzə Məmmədli sözün həqiqi mənasında böyük sənətkardır. Onun poetik kəşflərini, tapıntılarını bütövlükdə poeziyamızın uğuru kimi səciyyələndirmək olar. Məlum mövzunun qeyri-adi məzmunda, yüksək poetik-fəlsəfi tutumda orijinal təqdimatı, heyrət doğurur. Həqiqi sənətkarın, böyük istedadın qüdrəti məhz belə misralarla əyaniləşir.

Hər gün ölüm ayağıdır,

Ömür — ölümün oyağıdır.

Qara rənglərin ağıdır,

İnanmırsan, kəfənə bax.

Bu misraların qeyri-adiliyini şərtləndirən ən başlıca xüsusiyyət odur ki, burada şair minillik Şərq poetikasının əsasını təşkil edən müdrik islam fəlsəfəsinin, müqəddəs mahiyyətini dörd misrada poetik kodla təqdim edə bilmişdir. Bu misralarla şair təkcə poetik istedadının qüdrətini deyil, həmçinin məxsus olduğu dilin zəngin ifadəliliyini də sərgiləyir. Bu misraları bədii-fəlsəfi düşüncəmizin uğuru da adlandırmaq olar.

Rəvan və təbii üslub, şeirlərinin vəzn, qafiyə, forma, bölgü və poetik stukturun digər elementlərindən məharətlə istifadə etmək səriştəsi onun sənətkarlıq yetkinliyini şərtləndirən keyfiyyətdir. Obrazlı düşüncə, əsərlərinin bədii təsvir və ifadə əlvanlığı, zamanla səsləşən mövzuların seçimi və onların yüksək poetik vüsətlə işlənməsi, həqiqətən də onun yaradıcılığının sənətkar, vətəndaş məziyyətlərini təqdim etməklə yanaşı, parlaq istedadının təbii imkanlarını da üzə çıxardır. Bu imkanlar isə lirik janrın, şerin imkanları kimi reallaşır, üslub yaradıcılığı üçün geniş üfüqlər açır, həm də əsl sənət nümunələrinin yaranmasına səbəb olur.

Firuzə Məmmədli poeziyasının əsas atributlarından ən başlıcası torpaq, yurd sevgisi, vətənpərvərlik, xalq məhəbbəti və yaddaşa qayıdış duyğusudur. Bu ovqat lirik «mən»in vətəndaş xüsusiyyətinin, xarakterinin açılmasında böyük önəm daşıyır.

«Şəhid həyatı» şerini yüksək sənətkarlıq və vətənpərvərlik müstəvisində uğurlu sənət nümunəsi kimi təqdim etmək olar:

Görürəm, burda da tənha deyilsən,

Dörd yanın qanına bələnib yatır.

Bu yatan ölümdür, sən ha deyilsən,

Əsgərsən, həyatın — şəhid həyatı.

Bu şeir poeziyamıza vətən, torpaq, qeyrət ətri qatan ən dəyərli poetik nümunələrlə bir məqamda, bir ucalıqda qərar tutmağa layiqdir. Bütövlükdə ədəbiyyatımızın, mənəviyyatımızın, milli düşüncəmizin öyünə biləcəyi poetik məqamdır bu misralar. Şəhidliyin müqəddəsliyinin son dərəcə yüksək bədii-fəlsəfi ehtivası heyrət doğurur və belə heyrətamiz poetik məqamı kəşf edib poeziyamıza bəxş edən şair Firuzə Məmmədlidir.

Onun şeirləri əsl poeziyanı şərtləndirən bütün meyarlara uyarlıdır.

Qala divarındakı

qədim yazıdır

gözəl çöhrə.

Cibləri bank kişilər

pak, ya napak kişilər

qala divarlarındakı

yazıya qısqanırlar

ciblərini.

Zahirən sadə təsir bağışlayan bu metaforaların alt qatında incə mətləblər, böyük və dərin həqiqətlər gizlənir. Poetik nümunənin diqqət çəkən məziyyəti ondadır ki, bu obrazların konkret fikir yükünün açılması oxucunun intellekti ilə mütənasibdir. Burada metaforaların qarşılaşmasından alınan ahəngdarlıq məzmunun zənginləşməsinə xidmət edir.

Bu şeir zəngin poetik təfəkkürün, intellektual düşüncənin bədii sənət müstəvisində uğurlu təzahürüdür.

Şairin yaradıcılığı ovqat və mövzu aspektindən nə dərəcədə əlvandırsa, poetik fikir, hiss və düşüncələri də bir o qədər rəngarəng və səmimidir. Xəlqiliyin, müasirliyin və modernizmin hormoniyasından doğan bu misralar bədii mündəricisinə görə həqiqi sənət nümunəsidir:

Novruz bayramını

sevindirmək istədim

evimdə.

Bazara girəndə

ciblərim

başını ikiəlli tutdu…

Firuzə Məmmədlinin şeirlərində həyatın bütün tərəflərinə poetik baxış genişmiqyaslı və çox aspektlidir. Bu poeziya xalqımızın dünənini və bu gününü, onun maddi-mənəvi dəyərlərini, arzu, düşüncə və qayğılarını sənətkar məharəti ilə əhatə edir. Özünəməxsusluq baxımından elmi -nəzəri söhbət açmağa onun yaradıcılığı geniş, dolğun materiala malikdir. Modern düşüncəylə yazılmış əsərləri tədqiq və təhlil üçün kifayət qədər imkanlar açır.

Görkəmli şairin yaradıcılığı dərin ideya, mənəvi-əxlaqi, ictimai baxış nümunəsi olmaqla bərabər, yüksək ədəbi zövq, yetkin sənətkarlıq və poeziya nümunəsidir. Özünəməxsus dəyərlərlə yetkinləşmiş, sənətkarlıq axtarışları ilə cilalanmış bu poeziya çağdaş poeziyamızın ədəbi xəzinəsində öz layiqli yerini tutur.

Balayar Sadiq, şair-publisist

http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2593