Xaçmazda ədəbi-mədəni görüş: poeziya bayramı

2010-cü ilin sonlarında Azərbaycanın gözəl guşələrindən sayılan, son beş ildə aparılan quruculuq və tikinti işləri nəticəsində simasını tamam dəyişmiş Xaçmaz şəhərində tanınmış şair-nasir, publisist-tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Firuzə Məmmədli ilə şimal bölgəsinin çoxsaylı oxucularının görüşü keçirildi.

Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev adına Mərkəzi Mədəniyyət sarayında təşkil olunan məclisdə bölgə ictimaiyyətinin nümayəndələri, ziyalılar, müxtəlif nəsil oxucular, eyni zamanda F.Məmmədlinin Bakıdan gəlmiş həmkarları iştirak edirdi. Musiqili — ədəbi poeziya bayramını Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova açdı və məclisdəkilərə Şimal bölgəsinin yetirməsi, tanınmış şair, alim kimi Firuzə Məmmədlinin həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin məclisin səbəbkarına təbrikini çatdıran Y.Məsimova F.Məmmədliyə qiymətli hədiyyə və gül çələngini təqdim etdi.

Sonra «Azərbaycan» dərgisinin baş redaktor müavini, tənqidçi Vaqif Yusifli, YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), Qadın Yazarlar Birliyinin sədri, yazıçı Nüşabə Məmmədli, Təhsil Nazirliyinin nümayəndəsi, nasir Südabə Həsənova, şair Qəşəm Çıraqlı, Xaçmaz rayon Təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova, eləcə də Nüsrət Abdullayev, Yəhya İsayev, Solmaz Novruzova və başqaları çıxış edərək gözəl ziyalı, istedadlı qələm adamı, tanınmış alim, fəal ictimaiyyətçi firuzə Məmmədlinin yaradıcılığı haqqında xoş sözlərini, xatirələrini, arzularını məclisdəkilərlə bölüşdülər.

Poeziya bayramında məktəblilər və mədəniyyət sarayının əməkdaşları tərəfindən şairənin şeirləri səsləndirildi, eyni zamanda «Ulduzlar» ansamblının üzvləri tərəfindən mahnılar ifa edildi.

Sonda söz Firuzə Məmmədliyə verildi. Şairə rayon icra hakimiyyətinə, tədbirin təşkilatçılarına, çıxış edib xoş sözlərini çatdıranlara, şeirsevər iştirakçılara minnətdarlığını çatdırdı. Xatirələrini yada salan F.Məmmədli şeirlərini oxudu, məclis iştirakçılarının çoxsaylı suallarını cavablandırdı və kitablarını oxuculara hədiyyə etdi.

Elə həmin gün tədbirdən sonra Bakıdan gəlmiş qonaqlar Xaçmaz şəhərinin mərkəzində açılmış, şəxsiyyətlər parkında, eləcə də başqa görməli yerlərinə baxdılar.

A.Əbilov

Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.6.

http://www.anl.az/down/meqale/edebiyyat/2010/dekabr/148636.htm