Firuzə Məmmədlinin «Seçilmiş əsərləri»nin beşinci cildi nəşr olunub

«Nurlan» nəşriyyatında şairə-publisist Firuzə Məmmədlinin «Seçilmiş əsərləri»nin beşinci cildi işıq üzü görüb. Kitabın redaktoru və «Azərbaycan poeziyasının Firuzəsi» adlı ön sözün müəllifi Vaqif Yusiflidir. Kitabda filologiya elmləri namizədi Əbülfəz Əzimlinin şairənin yaradıcılığı haqqında qələmə aldığı «Poeziyanın ruhu, ruhun poeziyası» yazısına da yer verilib. Müəllif yazıda F.Məmmədlinin yaradıcılığının əsas cəhətlərini nəzərdən keçirib.

Beşinci cilddə F.Məmmədlinin «Ruhun qisası», «İkinci həyat», «Köhnə məscid həyəti», «Sular sonası» povestləri ilə yanaşı, müxtəlif illərdə yazdığı hekayələr, məqalələr, müsahibələrindən seçmələr oxuculara təqdim olunub.

«Sənətin Firuzəsi» işıq üzü görüb

Dəyərli qələm sahibi şair, nasir və alim Firuzə Məmmədlinin həyat və yaradıcılığı haqqında mətbuat səhifələrində dərc olunmuş məqalələrdən ibarət «Sənətin Firuzəsi» adlı toplu nəşr edilib. Bəhram Cəfəroğlunun tərtib etdiyi kitabın məsləhətçisi Əzizxan Tanrıverdidir. Tərtibçi «Sənətin Firuzəsi» adlı məqaləsində F.Məmmədlinin yaradıcılığına şair, nasir, dilçi-alim və tərcüməçi aspektindən yanaşaraq, onun şairlik istedadını ön plana çəkib.

Kitabda Afat Qurbanovun «Firuzə Məmmədlinin elmi yaradıcılığına bir baxış», Buludxan Xəlilovun «Şairə və alim taleyi yaşayan insan», Vaqif Yusiflinin «Ağrılı şeirlər», «Şairin nəsr kitabı», Əzizxan Tanrıverdinin «Tanımadığımız Firuzə Məmmədli», Ələkbər Salahzadənin «Gümüşü damla»nın Firuzəyi misra ləpələri» və Fərqanə Mehdiyevanın «Lirika və poetik axar» məqalələri yer alıb. Bu məqalələrdə Firuzə Məmmədlinin ömür və yaradıcılıq yolu müxtəlif istiqamətdən araşdırılıb, əsərlərinin bədii məziyyətləri, özünün şəxsi-insani keyfiyyətləri vurğulanıb.

Kitaba F.Məmmədlinin kitablarının siyahısı və fotoları da daxil edilib.